«Urmiya gölü birlik və bərabərlik sınağıdır PDF چاپ نامه الکترونیک
يكشنبه ۰۴ فروردين ۱۳۹۲ ساعت ۰۳:۵۴

Hadi Musəvi: «Urmiya gölünün quruması yerli əhalinin və milli fəalların etirazlarıyla gündəmə gəldi»

«Gölün quruması rejimin türklərə qarşı ayrı-seçkilik siyasətinin və laqeyd münasibətinin göstəricisidir»

«Xalq Cəbhəsi» qəzetinin «Güney Azərbaycan» səhifəsinin budəfəki qonağı Güney Azərbaycan Demokrat Partiyasının (GADP) mətbuat üzrə sözçüsü Hadi Musəvidir. Əslən Kəleybər şəhərindən olan soydaşı, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayır. Onunla hazırda qurumaq təhlükəsi olan Urmiya gölüylə bağlı həmsöhbət olduq.

- Hazırda Urmiya gölündə vəziyyət necədir?

- Bu gölün quruması bir neçə səbəbdən qaynaqlanır. Onlardan biri də ildə təxminən 0.6 mm buxarlanmadır. Bunun nəticəsində göl sürətlə qurumaqdadır. Urmiya gölünün suyu 1995-ci ildən 2011-ci ilədək 25 milyard kubmetr azalıb. 2011-ci ildən indiyədək də gölün suyunda azalma xeyli artıb. Nəticədə göldəki duzun miqdarı da çoxalır. Göl qurumağa davam edərsə, təxminən 20-25 il sonra əgər iqlim şərtləri də uyğun olmasa, bu göl tamamilə duz çölünə çevriləcək. Bölgə əhalisinin, eləcə də milli fəalların ciddi etirazlarına baxmayaraq, rejim gölün qurumasını təbii fəlakət olaraq hallandırır. Digər siyasi amilləri nəzərə almasaq, məncə, bu fars hökumətinin təslimiyyəti və acizliyidir. Eləcə də türk millətinə qarşı ayrı-seçkilik siyasətinin və laqeyd münasibətinin göstəricisidir.

- Urmiyali deputat çıxışında bildirib ki, gölün ətrafında 50 kənd boşaldılıb. Bəs hazırda həmin kəndlərin sakinləri harada yerləşdirilib?

- Bu gölün quruması təxminən 20 ildir başlayıb. Həmin gündən indiyədək aidiyyatı quurmlar bu barədə məlumatlıdırlar. Lakin gölün quruması yalnız əhalinin və milli fəalların etirazlarıyla gündəmə gəldi. Bu günədək rejim faciənin qarşısını almaq üçün heç bir ciddi addım atmayıb. Bu o deməkdir ki, fars hakimiyyəti həmin bölgənin əhalisinin gələcəyi və taleyilə maraqlanmır. Rejimin laqeyd münasibəti nəticəsində göl hazırkı faciəvi vəziyyətə düşdü. Xatırlayırsınızsa, İranın bir rəsmisi yaxın günlərdə verdiyi müsahibəsində bildirmişdi ki, bu göl quruyacaq, əhali də oradan köçüb özlərinə çarə qılmalıdırlar.

- Əgər göl qurumağa davam etsə, hövzənin ətrafındaki digər kəndlərin aqibəti necə olacaq?

- Bu göl dünyanın ikinci duzlu, bölgənin isə ən böyük gölüdür. Belə bir gölün quruması və bunun nəticəsində yaranacaq fəlakətlər sadəcə ətraf kəndlərə deyil, bütün Güney Azərbaycana və xarici ölkələrə də zərər verəcək.

- 50 kəndin boşalması əhalidə ciddi narahatçılıq yaradırmı?

- Bu xəbəri Urmiyanın İran parlamentindəki nümayəndəsi Nadir Qazipur deyib. Bu say hər gün artmaqdadır. Təbii olaraq yaranmış acınacaqlı durumdan daha çox gölün ətrafında yaşayan insanlar əziyyət çəkirlər. Çünki həmin ərazilərdən yalnız yaşayış məskəni deyil, həmçinin maldarlıq və əkinçilik üçün istifadə edilir. Bu narahatçılıq illərdir var. Təəssüf ki, boş vədlər və qeyri-səmimi addımlarla ekoloji faciəyə göz yumurlar.

- Gölün qurumasının Urmiya və ümumilikdə Güney Azərbaycan üçün hansı zərərləri var?

- Bu gölün quruması sadəcə Güney Azərbaycana deyil, qonşu ölkələrə də mənfi təsir edəcək. Ən böyük ziyan isə Urmiyada yaşayan 14 milyon soydaşımıza dəyəcək. Gölün sürətlə quruması, eləcə də duz kütlələrinin küləklə ətrafa yayılmasından Güney Azərbaycanın başqa şəhərləri də əziyyət çəkəcək. Bölgəmizdə əkinçilik və maldarlıq tamamilə sıradan çıxacaq. Bu isə həm iqtisadi, həm də sağlamlıq cəhətdən böyük tələfat olacaq.

- Sizcə, İran dövləti Urmu gölüylə bağlı nə vaxtsa həyəcan təbili çalacaqmı?

- Əslində məncə, bu milli fəallarla İran rejimi arasında olan məsələ deyil. Bu beynəlxalq fəlakət hesab edildiyindən, elə beynəlxalq səviyyədə də həll edilməlidir. Rejimin Güney Azərbaycana etdiyi zülmlər və ayrı-seçkilik bütün sahələrdə yaşanmaqdadır. Gölün quruması nəticəsində baş verə biləcək fəlakətləri nəzərə alaraq etiraz edən milli fəallarımız ekoloji, sosial və siyasi baxımdan basqıya məruz qalırlar. Düşünürəm ki, bu məsələ yalnız bizim etirazlarımızla qısa müddətdə həllini tapmayacaq. Beynəlxalq təzyiqlər olmasa, rejim əlinə düşmüş fürsəti dəyərləndirərək gölü tamamilə qurudacaq. Nəticədə bölgəni boşaldaraq 40 milyonluq Azərbaycan türkünü yaşadığı coğrafiyadan, qonşuluğundakı türk dövlətlərindən qoparmağa çalışacaq. Qonşu dövlətlər Urmiya gölünü ən azı ekoloji fəlakət baxımından dəstəkləməlidirlər. Məncə, bu göl türk milləti üçün ən böyük birlik və bərabərlik sınağıdır. Urmiya gölü artıq bizim üçün tək ekoloji deyil, həm də siyasi problem və faciədir.

- Nə üçün dövlət gölə belə laqeyd münasibət göstərir?

- Bunun bir neçə səbəbi var. Başlanğıcda bu gölün quruması təbii hadisə kimi görünsə də, zamanla məsələnin mahiyyətinin başqa olduğunu öyrəndik. Milli fəalların göllə bağlı keçirdiyi etiraz aksiyalarıyla Urmiya gölü məsələsi gündəmə gəlib və İran parlamentinə qədər yol tapıb. Ən sonda göllə bağlı fond yaradılması səs qoyuldu, lakin qəbul edilmədi. Gölün müdafiəsinə qalxan fəallar isə kəsb edilib. Bu onu göstərir ki, rejim üçün də Urmiya gölü ekoloji məsələ deyil. Əgər hökumət bu faciənin qarşısını istəsə, ala bilər.

- İranın Azərbaycandakı səfirliyi göl üçün vəsait ayrıldığını iddia edir. Sizcə, nə dərəcədə doğrudur?

- Bu gölün quruması yeni hadisə deyil. Gölün böyük bir hissəsi quruyub, amma hələ də rejim boş vədlərinə davam edir. Bu cür yalan açıqlamalarla problemi gündəmdən çıxarmağa çalışırlar. Mütəxəssislərin fikrincə, Urmiya gölünün qurumasının qarşısını almaq üçün təxminən 3 milyard kubmetr su lazımdır. Düzgün suvarılma metodu, texnoloji üsullarla gölün suya olan ehtiyacının üçdə birini təmin etmək olar. İllərlə belə boş vədlər verilir. Amma indiyədək ciddi addım atılmayıb. Bu baxımdan rejimin yeni vədlərinə millətimiz inanmır. Fars hökuməti Güney Azərbaycanda nüfuzunu və etimadını itirib.

- Güney Azərbaycanda Urmiya gölüylə bağlı yeni etiraz aksiyaları gözlənilirmi?

- Əslində bu aksiyalar və etirazlar bitməyib. Nə də fasilə elan edilməyib. Sadəcə, rejimin ciddi təzyiqləri və çox sayda həbslər nəticəsində etirazlar daha fərqli yollarla həyata keçirilir. Məsələn, «Traktor» komandasının oyununda göllə bağlı plakatlar nümayiş etdirilir, şüarlar verilir. Xaricdə yaşayan soydaşlarımız da diplomatik yollarla problemi gündəmə gətirməyə çalışırlar. Bir neçə ay öncə Avropada yaşayan fəllarımız Urmiya gölüylə bağlı Avropa Şurasının nümayəndələrilə görüşdülər. Onlara mövzuyla bağlı sənədlər təqdim etdilər. Bu cür fəaliyyətlər göstərir ki, Urmiya gölü heç bir zaman milli fəallarımız tərəfindən yaddan çıxmayıb və göl uğrunda mübarizə davam edir.

- Milli hərəkatda Urmiya gölünün hansı yeri var?

- Urmiya gölünün qurudulması mahiyyətcə həm də milli məsələ olduğu üçün hərəkatda xüsusi yeri var. Milli fəallar bu məsələni gündəmə gətirməyi və etiraz etməyi özünə borc bilərək aksiyalara davam edirlər. Rejimin ağır basqılarına baxmayaraq, Urmiya gölü məsələsi hərəkatın hər zaman gündəmdədir. Bu belədir və belə də qalacaq. Milli fəalların etiraz aksiyaları ilə Urmiya gölünü dəstəkləməsi xalqımızda ümid yaradır.

- Urmiya gölüylə bağlı aksiyalara milli fəalarla yanaşı, sadə vətəndaşlar da qatılırmı?

- Bu faciəyə etirazları ilk olaraq Güney Azərbaycandakı milli fəallar başlatdılar. Hərəkatın xaricdəki qolu da paralel olaraq aksiyaları davam etdirdilər. Bu etirazlar davam etməkdədir. Tədricən aksiyalar kütləvilik qazandı. Artıq piketlərdə milli fəallarla yanaşı, sadə insanlar da iştirak edir.

- Urmiya gölünün qurumasının başqa hansı səbəbləri var? Bu göl quruyur, yoxsa qurudulur?

- Bildiyiniz kimi, Urmiya gölüylə 150 km uzaqlıqda yerləşən Van gölü eyni iqlim şəraitindədir. İkisinin də hazırkı vəziyyətinə baxsaq, quruma səbəbinin ekoloji amil olduğunu demək əsassızdır. Bunun bir çox səbəbləri var. Gölə axan çayların üzərində böyük bəndlərin tikilməsi, yöndəmsiz qazılan su quyuları, yanlış suvarma üsulları, əkin sahələrinin çoxalması, gölün ətrafında yaşayan əhalinin sayını iki dəfə çoxalması və s. Bu sadaladıqlarımın gölün qurumasına əlbəttə ki, təsiri var. Nəticəsi isə bir az əvvəl də qeyd etdiyim kimi, bölgənin yaşayış məskəni kimi yox olmasıdır. Əldə edilən son məlumatlara görə, Urmiya gölü ətrafında 36 bənd var. Onlardan 22-si hazırda istifadə edilir. Onları bir çox qanunsuz və uyğunsuz halda tikilib. Nəticədə yeraltı su qaynaqlarının göllə əlaqəsi tamamilə kəsilib. Bunlar Urmiya gölünün qurumasının səbəblərindən sadəcə bir neçəsidir. Bütün bunları nəzərə alsaq, gölün qurumadığını, qurudulduğunu deyə bilərik.

http://www.xalqcebhesi.az/?p=115587

 

دیدگاه شما

افزودن نظر

 3.jpg

çox baxılanlar- keçən 6 ayda

Baxıcı

mod_vvisit_counterBugün11
mod_vvisit_counterDünən23