İranda Təbiət Günündə Urmu gölünün hazırki durumuna etirazlar olub چاپ
شنبه ۰۲ ارديبهشت ۱۳۹۱ ساعت ۱۰:۲۹

AZOH: Urmu gölünün qurumasına qarşı keçirilən etirazdan şəkillər yayılıb. Bu şəkillərin bir neçəsində Təbriz əhalisinin bir  hissəsi Urmu gölünün qurumasına etiraz aksiyasında üzlərini maskalarla örtüblər.

Bazar günü  İranda Novruz  Bayramı tətillərinin  son günü yəni Novruzun on üçündə İranda Təbiət Günü  kimi qeyd edilir. İran Azərbaycanı və İranın başqa hissələrində  adət-ənənələrə görə hər il əhali “Sizdəh Bedər” adlı təbiət günündə evlərindən çıxıb istirahət yerlərinə gedər, şadlıqlarda iştirak edər və heç kim həmin gün  evdə qalmaz.

Bir neçə ildir ki, İran Azərbaycan əhalisi bu gündə Urmu gölünün qurumasına etiraz edirlər və bu gölü  xilas etmək məqsədilə muxtəlif yerlərdə toplaşır, Urmu gölü üçün şuarlar səsləndirir və gölün hazırki durumuna etirazlarını bildirirlər.

Bu il Urmu gölünün ətrafında  toplaşmaq üçün  əhaliyə ciddi bir xəbərdarlıq verilməmişdi. Buna baxmayaraq Urmu və Təbriz əhalisinin bir hissəsi gölün o tay-bu tayında toplaşmış və Təbiət Günündə diqqəti Urmu gölünün vəziyyətinə cəlb etməyə çalışıblar.

Təbrizli siyasi və mədəni fəallardan bir çoxu simvolik olaraq Urmu golünün maskasını üzlərinə taxıb və üzərində gölün vəziyyətinə etirazlar yazılan plakatlarla onun ətrafında toplaşmışlar.

VOA