Urmiya gölü 2013-cu ildə quruya bilər چاپ
چهارشنبه ۰۶ ارديبهشت ۱۳۹۱ ساعت ۱۸:۳۶

AZOH: BMT-nin yaydığı hesabatda belə deyilir

Urmiya gölü 2013-cu ilin sonuna qədər quruya bilər. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) ətraf mühit üzrə araşdırmalar mərkəzinin yaydığı hesabatda bildirilir. Sənəddə qeyd olunur ki, Urmiya gölü Yaxın Şərqin birinci, dünyanın isə üçüncü duzlu gölüdür. Gölə axan çayların üstündə sədlərin çəkilməsi, yeraltı sulardan həddinden artıq istifadə olunması və quraqlıq Urmiya gölünü məhvə aparır: «Bu məsələ ekosistemdə əsaslı dəyişiklik yaradıb və bölgənin iqtisadiyyatına ziyan vurub. Suyun duzluluq dərəcəsinin artması suda yaşayan canlıların məhvinə və köçəri quşların uzaq düşməsinə səbəb olub. Həmçinin göl ətrafında ənənəvi turizm və istirahət imkanları tükənib». BMT-nin araşdırmalarına görə, hazırda Urmiya gölünün sahəsi onun 1980-ci illərdəkinin 60 faizidir: «Əgər vəziyyət belə davam edərsə, göl 2013-cu ilin sonuna qədər quruyacaq».

Bu arada Urmiya şəhərinin millət vəkili Nadir Qazipur İran parlamentində Urmiya gölü ilə bağlı xəbərdarlıqla çıxış edib. O bildirib ki, Xəzər dənizinin suyunun Simnan əyalətinə və prezidentin doğulduğu Germsar şəhərinə çatdırılması üçün layihə həyata keçirilməyə başlayıb: «Artıq Mahmud Əhmədinejad layihənin təməlini atıb. Halbuki Urmiya gölü quruyur və səhraya çevrilir». Hadir Qazipur səlahiyyətli şəxslərin Urmiya gölü ilə bağlı yalnız boş vədlər verdiklərini deyib: «Halbuki ölkənin energetika naziri məsələnin araşdırdıqdan sonra yalnız bir çıxış yolu göstərib. Bu da Araz çayından Urmiya gölünə su kanalı çəkməkdir». Millət vəkili əlavə edib ki, Urmu gölünün artıq 30 faizi qalıb: «Əgər göl su ilə təmin olunmasa, milyonlarla azərbaycanlı öz doğma el-obalarını tərk etmək məcburiyyətində qalacaq».

Urmiya şəhərinin digər millət vəkili Müəyyid Həsəni Sədr də İLHA-ya açıqlamasında gölün quruması məsələsinə toxunub: «Urmiya gölü məhvə doğru gedir. Əgər səlahiyyətli şəxslər, millət vəkilləri və hökumət yardım etməsə, göl tamamilə yer üzərindən silinəcək». Millət vəkili Araz çayından Urmiya gölünə su kanalı çəkilməsi layihəsinin ləngidiyini bildirib. Müəyyid Həsəni Sədr vurğulayıb ki, ən qısa zamanda Urmiya gölü su ilə təmin olunmalı, suyun buxarlanmaması üçün göl ətrafına divar çəkilməli və gölün suyu onun daxilinə yönəldilməlidir.