Avropa Parlamentində güneyli siyasi məhbuslarla bağlı görüş keçirilib چاپ
سه شنبه ۲۱ آبان ۱۳۹۲ ساعت ۰۳:۱۱

AZOH: Güney Azərbaycanla bağlı fəaliyyət göstərən iki təşkilat - Azərbaycan Öyrənci Hərəkatı (AZOH ) və Güney Azərbaycan Demokrat Partiyası (GADP) nümayəndələri Brüsseldə siyasi məhbusların durumu ilə əlaqədar görüşlər keçirib.

Avropa Parlamentində keçirilən görüşdə İnsan haqları üzrə komissiyanın katibi Levente Csaszsi, həmçinin xarici siyasət üzrə katib və Avropa Parlamentinin keçmiş sədrinin siyasi müşaviri iştirak edib.

AZOH-un məlumatına görə, Yeni GAMOH Mərkəzi Komitəsinin 5 üzvü (Təşkilatın Sədri Lətif Həsəni və digər 4 üzvü - Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Behbud Qulizadə və Şəhram Radmehr) həbsxanada aclıq aksiyalarına başladıqdan sonra Avrupa Parlamenti İnsan haqları komissiyası ilə görüşlər başlayıb.

Görüş Güney Azərbaycandan olan heyətin müraciəti ilə baş tutub. Saat yarımlıq görüşdə Güney Azərbaycanda siyasi məhbusların və həbsdə olan milli fəalların ağır vəziyyəti komisiya üzvlərinin diqqətinə çatdırılıb.

Levente Csaszi müzakirə edilə məsələlərlə bağlı Güney Azərbaycandan olan heyətin təqdim etdiyi hesabatı və sənədləri baxılması üçün komissiyanın digər üzvlərinə göndərəcəyini vurğulayıb.

Görüşdə komissiyanın İran üzrə münayəndələrinin iştirakı planlaşdırılsa da, hər iki üzv gərgin iş rejimi səbəbindən müzakirlərdə iştirak edə bilməyib.

Lakin onları maraqlandıran sualları Levente Csaszi vasitəsilə güneyli heyətə çatdırıblar.

Görüşdə siyasi məhbusların və milli fəalların dürümü ilə yanaşı, İranda son vəziyyət, prezident seçkilərinin nəticələri, nüvə programı və milli hərəkatın bununla bağlı mövqeyi, Urmu gölünün qurumasının yaratdığı təhlükə kimi bir çox məsələlər diqqət mərkəzində olub. Güney Azərbaycandan olan heyət bu məsələlər haqqında hazırladığı hesabatı təqdim edərək müzakirlərin davamlı olması istəyini çatdırıb.

Məlumat üçün bildirək ki, görüşdə Mahmud Bilgin (Güney Azərbaycan Demokrat Partiyası sözçüsü), Əmir Mərdani (Azərbaycan Öyrənci Hərəkatı - AZOH sözçüsü) və Ayda Kərimli (Güney Azərbaycan qadın haqları fəalları) iştirak edib.

Elnarə

AzNews.az